Hörmətli sahibkarlar!
Ədliyyə Nazirliyi və Mediasiya Şurasının birgə fəaliyyəti nəticəsində hüquqi və fiziki şəxslərin mediasiya xidmətlərindən daha rahat və asan istifadəsinin təmin edilməsi məqsədi ilə mediasiya proseslərinin rəqəmsallaşdırılması həyata keçirilib.
Belə ki, bu günədək mediasiya təşkilatlarına müraciətlər rəsmi qaydada poçt vasitəsi ilə, e-mail üzərindən, yaxud da vətəndaşların mediasiya təşkilatlarına birbaşa müraciət etməsi ilə baş tuturdu. Artıq ölkəmizdə fəaliyyət göstərən bütün mediatorlar və mediasiya təşkilatları barədə ətraflı məlumatlar Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalına (https://courts.gov.az/) inteqrasiya edilib. Bundan sonra fiziki və hüquqi şəxslər həmin portal vasitəsi ilə bütün mediasiya təşkilatları və mediatorlar barədə ətraflı məlumat əldə etmək, habelə istənilən mediatora və mediasiya təşkilatına elektron formada müraciət etmək imkanına malik olacaqlar.
Bunun üçün fiziki və ya hüquqi şəxslər hər hansı autentifikasiyadan keçmədən Vahid Məhkəmə Portalında “Mediatorlar” başlığına (https://courts.gov.az/mediators) daxil olaraq bütün regionlar üzrə mediasiya təşkilatları, habelə ayrı-ayrı mediatorlar barədə ətraflı məlumatla tanış ola bilərlər.
Elektron formada müraciət etmək üçün həmin hissədə “Müraciət et” bölməsi seçilməklə açılan pəncərədə fiziki şəxslər fərdi identifikasiya nömrəsini və doğum tarixini, hüquqi şəxslər isə VÖEN-ni daxil edir. Növbəti pəncərədə müraciətçi tələb edilən məlumatları (mediasiyaya müraciət edərkən qanunvericiliklə müəyyən edilmiş məlumatlar - müraciət edənin və qarşı tərəfin adı, soyadı, atasının adı, ünvanı, əlaqə nömrəsi, mübahisənin növü və predmeti, müraciət etmək istədiyi təşkilat, mediator və s.) əlavə edərək ilkin mediasiya sessiyası üçün elektron ərizə formasını doldurur və qarşı tərəfə göndərməli olduğu “mediasiya prosesinin tətbiqi barədə təklif”i, habelə həmin təklifin qarşı tərəfə çatmasını təsdiq edən poçt sənədini “pdf” formatında yükləməklə müraciətini yekunlaşdırır.
Qaydalara uyğun edilmiş müraciət barədə dərhal müraciət edilmiş mediasiya təşkilatına məlumat daxil olur və bundan sonra mediasiya təşkilatı edilmiş müraciət üzrə mediator təyin etməklə mediasiya proseslərinə başlayır.
Həmçinin müraciətçinin bu portal vasitəsi ilə müraciətinin hansı mərhələdə olmasını izləmək, bildirişlər əldə etmək və ya əlavə müraciətlər etmək imkanı da vardır.