Ölkəmizin tikinti materiallarının qabaqcıl istehsalçılarından olan “Mətanət A” Şirkətlər Qrupunun AĞDAĞ Natural Gipskarton Lövhələri Zavodunun geniş təqdimatı Alov Qüllələrində keçirilib.Tədbirdə müxtəlif dövlət qurumları, biznes assosiasiyaları, inşaat şirkətlərinin rəhbər şəxsləri, eləcə də tikinti materiallarının satışı ilə məşğul olan fərdi sahibkarlar iştirak edib. Öncə qonaqlar zavodu ziyarət edib və istehsal prosesi ilə tanış olublar.
Zavodun direktoru Alim Bayramov qonaqlara məlumat verib ki, zavod qabaqcıl Grenzebach alman texnologiyasına əsaslanır, istehsal prosesi tam avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə nəzarət PLC xüsusi proqram təminatı ilə avtomatik həyata keçirilir. Tədbirin rəsmi hissəsini “Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının rəhbəri Elxan Bəşirov öz giriş nitqi ilə açıb.
Daha sonra Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Millət Vəkili, Akademik Ziyad Səmədzadə, Kiçik və Orta Binesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar Konfedarasiyasının vitse-prezidenti Vüqar Zeynalov çıxış edib. Tədbirə Almaniyadan canlı bağlanan dünyamiqyaslı Grenzebach Korporasiyasının vitse-prezidenti Christoph Habighorst Ağdağ Gipskarton Lövhələri Zavodunda tətbiq etdikləri ən son texnologiyadan danışıb və bu zavodun dünyada bu sahədə ən müasir zavodlardan biri olduğunu vurğulayıb.
Tədbirdə Ağdağ Gipskarton Lövhələrinin yeni istifadə sahəsi haqqında da geniş məlumat verilib. Belə ki, Ağdağ Gipskarton Lövhələrinin təkcə tavanlarda deyil, eyni zamanda evin daxili arakəsmələrinin yaradılmasında da geniş tətbiq imkanları var, daş yunu ilə birgə istifadə edildikdə isə yüksək səs və istilik izolyasiyası yaradan unikal məhsuldur.
“Mətanət A” Şirkətlər Qrupunun vitse-prezidenti Fuad Bəşirov inşaat şirkətlərini və ticarət nöqtələrini Ağdağ Gipskarton Lövhələri Zavodunun məhsulları sahəsində geniş əməkdaşlığa dəvət edib.