Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Matanat-A” şirkətinin “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Matanat-A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlət başçısına zavodun fəaliyyəti barədə məlumat veriblər.
Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan “Matanat-A” şirkəti barədə məlumat verilib. İnşaat materiallarının istehsalı sektorunda 25 ildir fəaliyyət göstərən şirkətin tərkibinə “Matanat A” Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton və gips əsaslı məhsulların istehsalı, AZERLİME Əhəng, Avadanlıq və dəzgahların istehsalı və ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb.
Ərazisi 10 hektar olan “AZWOOL” mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır.
Tikinti sektorunda istifadə olunan, ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı, enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstana, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.
